Livanla Suriyada döyüşlərdə iştirak edən terrorçu qrup Nusra Cəbhəsi arasında əsir mübadiləsi baş tutub. Baki-xeber.com xəbər verir ki, Nusra Cəbhəsi bir müddət əvvəl əsir aldığı 16 Livan əsgərini sərbəst buraxıb. Livan hökuməti də 5-i qadın 13 məhbusu Nusra Cəbhəsinə təslim edib.
Həbsdən çıxan qadınların arasında İŞİD lideri Əbu Bəkir Bağdadinin keçmiş həyat yoldaşı və bir qızının anası olduğu iddia edilən Seca Duleymi də var. Duleymi sərbəst buraxıldıqdan sonra "Al Jazeera” açıqlamasında ilk fürsətdə Türkiyəyə gedəcəyini bildirib. "Mən Əbu Bəkir Bağdadinin keçmiş həyat yoldaşıyam. 6 il əvvəl boşandıq. İndi əvvəl Beyruta, oradan da Türkiyəyə getməyi planlaşdırırıq" - deyə bildirib.
Seca Duleymi, 2014-ci ildə, Livan ordusu tərəfindən, terrorçu qrupa üzv olduğuna görə həbs olunub. Həbs olunan vaxt hamilə olan Düleyminin həbsdə doğduğu uşağı və indiki həyat yoldaşı da Livan tərəfindən sərbəst buraxılanlar arasındadır.
Həbsdən çıxan Düleyminin yanında bir də 5-6 yaşlarında bir qız uşağı var. Düleyminin "Bağdadidən 6 il əvvəl boşandım" dediyi nəzərə alınsa, bu qız uşağının Bağdadinin qızı olduğu ehtimalı yüksəkdir. Çünki əvvələr də Bağdadi və Düleyminin bir uşaqlarının olduğu bildirilirdi.