Küveyt İslam Dövləti (İD) qruplaşması ilə əlaqəsi olduğu, onu maliyyə və silahla təmin etdiyi bildirilən şəbəkənin üzvlərini həbs edib. "Kuna” dövlət xəbər agentliyi daxili işlər nazirliyinə istinadən Livan vətəndaşlığı olan Osman Xayatın İD üçün silah və raketlər aldığını etiraf etdiyi iddia edir. Məlumata görə, daha beş nəfər də həbs edilib.
İyun ayında Küveytin ən qədim şiə məscidlərindən birinə hücum zamanı 27 nəfər dünyasını dəyişmişdi. Sünnilərin əksəriyyət təşkil etdiyi ölkədə bu, son on illiklər ərzində baş vermiş ən ölümcül hücum olub. Hadisəyə görə İD ilə əlaqəsi olan qruplaşma məsuliyyəti üzərinə götürüb. İD keçən həftə Paris və Beyrutda baş vermiş hücumların arxasında olduğunu bildirib.
Küveytin daxili işlər nazirliyi bildirib ki, onlar döyüşçülərin cəlb olunmasında kömək edib və Türkiyədə İD-ə bağlı olan bank hesabına pulun yığılması ilə məşğul olublar. Məlumata görə, şəbəkənin dörd üzvü Küveytdən kənarda olub, onlardan ikisi suriyalı, digər ikisi isə Livan əsilli avstraliyalı olub. Bu dörd nəfərin həbs olunması isə aydın deyil.
Qrupun lideri İŞİD-in Küveytdəki əlaqələndiricisi olduğunu etiraf edib. O, bildirib ki, terrorçular üçün silahı Ukraynada əldə ediblər. Onun sözlərinə görə, o Ukraynada "FN6” tipli Çin istehsalı zenit-raket komplekslərinin alınmasına dair sövdələşmələr həyata keçirib. Əldə olunan silah sonradan Türkiyə ərazisindən keçirməklə Suriyadakı İŞİD silahlılarına ötürülüb.