Silahlılar Malinin paytaxtı Bamakonun mərkəzində yerləşən Radisson Blu Hotel-ə hücum edib. Otelin sahibi bildirib ki, iki nəfər 140 qonağı və 30 işçini girov götürüb.
Polis oteli mühasirəyə alıb. Təhlükəsizlik mənbələrindən "Reuters” agentliyinə bildirilib ki, silahlılar otelə atəş açaraq və ərəbcə "Allah böyükdür!" qışqıraraq daxil olublar. 190 yerlik otelin kənarından avtomat səslərini eşitmək mümkün olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma gedir.
BBC müxbiri Abdourahmane Dia bildiri ki, otel Malidə işləyən xaricilər arasında populyardır. Avqust ayında Malinin Sevare şəhərində yerləşən otelin mühasirəsi zamanı şübhəli islamçı silahlılar 13 nəfəri öldürmüşdü. Onlardan beş nəfəri BMT işçisi olub.
Bamako şəhərindəki ABŞ səfirliyi Tvitter səhifəsində Radisson Hotel mehmanxanasında hərbçilərin iştirakı ilə silahlı əməliyyatın başlandığı barədə xəbərdar olduğunu bildirib. ABŞ vətəndaşlarına sığınacaqlarda qalmaq və ailələrilə əlaqə yaratmaq məsləhət görünüb.
Təhlükəsizlik strukturlarından mənbə AFP agentliyinə bildirib ki, hadisə 7-ci mərtəbədə baş verib, cihadçılar dəhlizi atəşə tuturlar. Şahidlərin sözlərinə görə, polis oteli mühasirəyə alıb və ərazidəki otelə aparan yolları bağlayıb.
Mehmanxanın sahibi olan The Rezidor Hotel Group şirkəti girovların götürülməsi hadisəsindən xəbərdar olduğunu bildirib.: "Bizim məlumatımıza əsasən, iki şəxs 140 qonağı və 30 işçini içəridə bağlayıb".
Bəzi məlumatlara görə hoteldə girov saxlanılanların bir hissəsi azad olunub. Məlumata görə, silahlılar onları "Quran”dan sitat gətirə bildikləri üçün sərbəst buraxıblar. Girovlar arasında olan "Türk Hava Yolları" aviaşirkətinın 6 əməkdaşından 5-i də azad edilib.
Malidə təhlükəsizliyə nəzarət etmək səlahiyyətləri 2013-cü ilin iyul ayından başlayaraq Fransa qoşunlarından BMT qüvvələrinə keçib.