ABŞ-a məxsus "USS Harry S. Truman” aviadaşıyıcı gəmisi İŞİD-lə mübarizədə iştirak etmək üçün Yaxın Şərqə yollanır. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə "Defence News” nəşri məlumat yayıb.
Gəminin dekabrın ortalarında Fars körfəzinə çatacağı gözlənilir. Pentaqonda hazırda gəminin Aralıq dənizinin şərqinə dislokasiya edilərək terrorçuların mövqelərinə zərbələr endirilməsi məsələsi nəzərdən keçirilir.
Pentaqondakı mənbə aviadaşıyıcı gəminin bölgədə bir neçə gün qalacağı ehtimal edib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Aralıq dənizindəki sualtı qayığı İŞİD mövqelərinə zərbələr endirib. Həmçinin Fransaya məxsus "Şarl de Qol” aviadaşıyıcı gəmisinin də terrorçuların mövqelərinə zərbələr endirmək məqsədilə Aralıq dənizinə göndərildiyi bildirilir.
Pentaqonun nümayəndəsi Piter Kuk bildirib ki, Rusiya noyabrın 17-də ilk dəfə olaraq qabaqcadan ABŞ-ı Suriyada endirəcəyi zərbələr haqqında məlumatlandırıb. "Bu ilk dəf idi ki, ruslar qabaqcadan əməliyyatlarının bir qisminə dair bizi məlumatlandırıb. Onların bizə konkret nə qədər vaxt ayırmasına dair heç nə deyə bilmərəm, lakin bu peşəkarcasına edilib. Əvvəlcədən edilən xəbərdarlıq zərbələr rayonunda təyyarələrimizin olacağı təqdirdə onların uçuş marşrutlarında dəyişikliklər etməyə imkan verir. Lakin, bu dəfə buna ehtiyac yaranmayıb”, deyə Kuk bildirib.
Qeyd edək ki, Rusiya və ABŞ bir müddət əvvəl Suriyada hava əməliyyatları zamanı insidentlərin qarşısının alınması üzrə tədbirlərə dair razılığa gəliblər.