ABŞ xüsusi xidmət orqanları Misirdə qəzaya uğradığı hesab edilən Rusiya təyyarəsinin İŞİD tərəfindən məhv edilməsi versiyasını daha üstün tuturlar. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı ABŞ kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbə qeyd edir ki, ABŞ xüsusi xidmət orqanları tərəfindən faciə ilə əlaqədar hələ ki heç bir formal rəy elan edilməyib.
Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond isə deyib ki, "İŞİD-in Misirdəki bölməsi olan qruplaşmanın Rusiya təyyarəsini vurmasından şübhələnməyə əsaslar var. O, İŞİD tərəfdarı olan "Vilayət Sinay” qruplaşmasının "Airbus A321" təyyarəsi ilə bağlı hadisədə əlinin olması barədə açıqlamaya da diqqət çəkib: "Biz bu bəyanat da daxil olmaqla, bütün informasiyaları nəzərdən keçiririk və düşünürük ki, belə bir ehtimal mövcuddur”.
Daha öncəki açıqlamasında da Filip Hemmond təyyarənin göyərtəsinə bomba qoyulması ehtimalının olduğunu bildirib.
Misir prezidenti Abdel-Fəttah-əl-Sisi isə bu kimi bəyanatları əsassız spekulyasiya adlandırıb.
Xatırladaq ki, oktyabrın 31-də Şarm-əş-Şeyx – Sankt Peterburq marşrutu ilə uçan "Airbus A321” təyyarəsinin havada parçalanaraq yerə düşməsi nəticəsində 224 nəfər ölüb.
Rusiya XİN-i bundan əvvəl hadisənin səbəblərinə dair vaxtından əvvəl, tələsik versiyalar irəli sürməməyə çağırıb.