"ABŞ Rusiya ilə Suriyada uçuşların təhlükəsizliyi ilə bağlı danışıqlar aparmağa hazırdır”. APA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Con Kerri Harvard Universitetinin tələbə və professor heyəti ilə görüşdə deyib.
"ABŞ öz təyyarələrinin Suriya üzərində təhlükəsiz uçması, pilotların ölməməsi və bunun beynəlxalq böhrana səbəb olmaması üçün danışıqlara hazırdır”, - deyə dövlət katibi bildirib.
C.Kerri qeyd edib ki, Rusiya tərəfi ilə bu məsələ ilə bağlı konstruktiv dialoqa ümid edir.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti də Suriyada aviasiyanın uşusu zamanı təhlükəsizliyin təmin olunması ilə bağlı təklifin mətnini hazırladığını və ABŞ tərəfinə göndərdiyini açıqlayıb.
ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı Ben Hodjes isə Rusiyanın İŞİD-ə qarşı müharibədə iştirakının çox vacib olduğunu deyir. Bununla yanaşı, amerikalı general Rusiyanın Suriya münaqişəsinə cəlb olunmasına tənqidi yanaşıb. O, bunun Avropa üçün arzuedilməz nəticələnəcəyini və qaçqınların sayının arta biləcəyini qeyd edib.
Xatırladaq ki, Avropa İttifaqının xarici sərhədlərin təhlükəsizliyi üzrə agentliyinin məlumatına əsasən sentyabr ayında Aİ sərhədini 170 min qeyri-leqal miqrant keçib Onların əksəriyyəti Suriyadan olan qaçqınlardır.