APA-nın xəbərinə görə, bu barədə "Reuters” məlumat yayıb. "NATO Türkiyə də daxil olmaqla, özünün bütün müttəfiqlərini qorumağa hazırdır və buna qadirdir”, - deyə Y. Stoltenberq bildirib. O, Rusiyanın Suriyada həyata keçirdiyi bombardmanların narahatlığa əsas yaratdığını söyləyib. Baş katib qeyd edib ki, NATO özünün müxtəlif nöqtələrə hərbi qüvvə göndərmək imkanını və qabiliyyətini artıq nümayiş etdirib: "Bu, cənub istiqamətinə, o cümlədən Türkiyəyə də aiddir, təbii ki, ehtiyac yaranarsa”.
"Rəsmi Ankara ümid edir ki, Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozmasından sonra dəstək üçün NATO-ya müraciət etmək məcburiyyətində qalmayacaq". Bunu isə Trend-ə Türkiyə Prezidenti Administrasiyasındakı mənbə deyib.
Onun sözlərinə görə, Türkiyə və Rusiya bu məsələni birlikdə həll edə bilər: "Lakin Moskva unutmamalıdır ki, Türkiyənin hava məkanı, eyni zamanda NATO-nun hava məkanıdır".