Moskvada 10 ildir ki, bərpa olunan məscidin açılışı olub. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan, Qazaxıstan və Fələstin prezidentləri və digər müsəlman ölkələrinin rəsmiləri iştirak ediblər.
Mərasimdə ABŞ-ın Rusiyadakı səfiri Jon Tefft də iştirak edib.
Bu Avropada ən böyük məsciddir. Bərpa işlərindən sonra məscidin ərazisi 20 dəfə böyüyərək, 19 min kv metr olub. Burada eyni vaxtda 10 min adam ibadət edə bilər. Minarələrin hündürlüyü 78 metrdir. Onlar qızılla örtülüb.
Rəsmi məlumata görə Məscidin bərpası 170 milyon dollara başa gəlib və bunun böyük hissəsini biznesmen Süleyman Kərimov verib. İanələrin böyük hissəsi Türkiyədən də gəlib və Türkiyə ustalar göndərib. Fələstin lideri Mahmud Abbas Fələstin uşaqları adından 25 min dollar ianə verib.