Ukrayna XİN rəhbəri Pavel Klimkin Minsk sazişinin tətbiqinin 2015-ci ildən sonra davam etdirilməsinə dair dialoqun aparılmasına qarşı olduğunu bildirib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, P.Klimkin bunu Ukraynanın "24” telekanalına müsahibəsində deyib.
"Mən, əslində, "Minsk”in davam etdirilməsinə dair danışıqlara başlamağın əleyhinəyəm”, deyə XİN rəhbəri 2015-ci ildə Minsk sazişinin tətbiqi başa çatdıqdan sonra Kiyevin hansı addımlar atacağına dair suala cavab verərkən bildirib.
Qeyd edək ki, sentyabrın 12-də Berlində "normand dördlüyü” ölkələrin XİN rəhbərlərinin görüşü keçirilib. Görüşdə atəşkəs rejiminin qorunması, ağır silahların təmas xəttindən geri çəkilməsi, Donetsk və Luqansk vilayətlərində yerli seçkilərin keçirilməsi kimi məsələləri müzakirə ediblər.
P.Klimkin onu da bildirib ki, Ukrayna Krıma və Donbasa görə Rusiyadan çoxmilyardlıq kompensasiya tələb edəcək. "Söhbət milyardlarla dollar həcmində olan məbləğlərdən gedir. Bu məbləğlər müxtəlif iddialar əsasında irəli sürüləcək. Düşünürəm ki, nəticədə bəzi iddialar üzrə məbləğ həcminə görə "Yukos işi” ilə bərabərləşəcək”, deyə Klimkin bildirib. "YUKOS”un sabiq sərmayəçilərinin Rusiyadan 50 mlrd dollar kompensasiya tələb etdiyi vurğulanır.
Klimkinin sözlərinə görə, Kiyevdə itirilmiş təbii sərvətlər də daxil olmaqla artıq dəyən zərərin hamısı hesablanıb.