"Mən Rusiyanı Ukraynanın şərqindən öz qoşunlarını geri çəkməyə və Minsk razılaşmalarını tam şəkildə yerinə yetirməyə çağırıram”.
APA-nın "112 Ukraina” telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Kiyevdə mətbuat konfransı keçirən NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, Rusiyanın separatçılara dəstək göstərməsi təkcə bir mənbədən deyil, müxtəlif kəşfiyyat mənbələri vasitəsilə də öz təsdiqini tapıb: "Bu gün burada eşitdiklərim bir daha Rusiya hərbçilərinin Ukraynanın şərqində mövcudluğuna dair məlumatları təsdiqləyir. Mən Rusiyanı Ukraynanın şərqindən qoşunlarını çəkməyə və Minsk razılaşmalarını tam yerinə yetirməyə çağırıram”.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Təşkilatının iclasında iştirak edib. Ukrayna prezidenti Pyotr Poroşenko qapalı iclasda Rusiya hərbçilərinin Donbasda mövcudluğunu təsdiqləyən sənədlərin təqdim ediləcəyini bildirmişdi.