Avropa Birliyi (AB) İtaliya, Yunanıstan və Macarıstana gələn 120 min qaçqının bölüşdürülməsi planı üzrə razılığa gələ bilməyib. Luksemburqun xarici işlər naziri Jean Asselborn AB daxili işlər nazirlərinin görüşündən sonra deyib ki, "Şuranın bu gün belə bir qərar verməsi hələ tezdir”. Asselbornun sözlərinə görə, durum təcili olsa da, prosedurlara əməl etməliyik.
Baki-xeber.com xəbər verir ki, Brüsseldə keçirilmiş danışıqlar zamanı Aİ prezidentliyini həyata keçirən Lüksemburq bildirib ki, 8 oktyabrda keçiriləcək görüşdə miqrantların məskunlaşdırılması ilə bağlı razılığın əldə olunacağına ümid edir.
Çexiya, Slovakiya və Macarıstan fövqəladə toplantıya qarşı çıxırdı.
Macarıstan, miqrantların ölkəyə qanunsuz daxil olmasının qarşısını almaq üçün yeni sərt qanunları tətbiq etməyə başlayıb. İndi polis Serbiya ilə sərhəddə tikilmiş məftil hasarı keçməyə çalışan hər kəsi həbs edə bilər.
Macarıstan rəsmiləri bildirib ki, bazar ertəsi sərhədlər bağlanmazdan öncə 9000-dən çox miqrant sərhədi keçib. Bundan sonra sərhədi qanunsuz keçən hər kəs cinayət ittihamları ilə üzləşməli olacaq. Qanunlara görə həmçinin, Serbiya ilə sərhəddə yeni tikilmiş dörd metr hündürlükdə və 175 km uzunluğunda olan hasarı zədələməyə görə həbs və ya deportasiya nəzərdə tutulub. Sərhəd boyu polis nəzarəti həyata keçirilir.