Türkiyənin Bodrum çimərliyində cəsədi tapılmış suriyalı azyaşlı Alan Kurdinin atası Abdullah Kurdi prezident Rəcəb Tayyib Ərdoğanın ona Türkiyə vətəndaşlığı təklif etdiyini deyib.
Londonda yerləşən Al-Araby Al-Jadeed qəzetinin yaydığı məlumata görə Kurdi Türkiyə prezidentinin ona vətəndaşlıq təklif etdiyini bildirib. "Normalda qəbul edərdim, çünki türk hökuməti mənə heç kimin etmədiyi yaxşılığı edib. Qürur duyuram. Lakin təklifi indi qəbul etməyəcəm,” - Kurdi deyib.
Kurdi cənazə xərclərində türk hökumətinin ona çox kömək etdiyini bildirib. O, həmçinin Küveytdən olan bir səlahiyyətli şəxs və misirlilər xaric heç bir ərəb rəsmisinin onunla maraqlanmadığını deyib.
Türkiyənin Bodrum şəhərindən Yunanıstanın Kos adasına keçmək istəyən Kurdi ailəsinin mindiyi rezin qayığın çevrilməsi nəticəsində üç yaşlı Alanla birlikdə, beş yaşlı qardaşı və anası da boğulmuşdu.
Alanın Bodrumda sahilə çıxmış cəsədinin fotoşəkli bütün dünyada böyük əks-səda yaradıb.
Abdullah Kurdi keçən həftə Kanada hökumətinin vətəndaşlıq təklifini də rədd edib. Kanada hökuməti iyun ayında sığınacaq üçün müraciət etmiş Kurdinin sənədini qəbul etməmişdi.