Türkiyə bir müddət əvvəl barələrində cinayət işi açıldıqdan sonra öncə Gürcüstana, sonra Ermənistana ardınca Almaniya qaçan keçmiş prokurorlar Zəkəriyyə Öz və Cəlal Karanın Türkiyəyə verilməsini tələb edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu açıqlama verib.
Çavuşoğlu xaricə qaçan keçmiş prokurorlarla bağlı prosesin ciddi bir iş olduğunu bildirib. O, qeyd edib ki, Ankara Almaniyanın bu mövzuda üzərinə düşən hüquqi öhdəliyi yerinə yetirməsini gözləyir.
Cinayətkarların ekstradisiyası məsələsində Almaniyanın mövqeyini tənqid edən Çavuşoğlu daha sonra bildirib: "Biz sənədlərlə, məhkəmə qərarları ilə Almaniyadan çox adamın ekstradisiyasını istədik. Amma Almaniya bu mövzuda gərəkli addımları atmadı. Bunların arasında PKK, DHKP-C üzvləri də vardı. Bunlar AB-nin terror siyahısında olan şəxslərdir".
Qeyd edək ki, bir müddət əvvəl keçmiş prokurorlarla bağlı açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Almaniyaya xəbərdarlıq etmişdi: "Əvvəl Gürcüstan, sonra Ermənistan, indi də Almaniya... İndi Almaniyanı da görəcəyik. Bunlarla bağlı dərhal qırmızı bülletenlə axtarış qərarı çıxarılacaq. Baxaq, Almaniya nə edəcək? Oldu oldu, olmadı Almaniya bundan sonra bizdən Tayyib Ərdoğan imzası ilə hər hansı bir cinayətkarı istəyə bilməz, bundan sonra ala bilməz, vermərəm. Beynəlxalq hüquq çərçivəsində üzərlərinə düşəni etməlidirlər".
Türk mediasına görə, Türkiyədən qaçan iki prokuror Almaniyanın Ulm şəhərində rəsmi orqanlardan siyasi sığınacaq istəyib.