Suriya prezidenti Bəşər Əsəd əsas müttəfiqləri olan İran və Rusiyanın davam edən dəstəyinə arxayın olduğunu bildirib.
Baki-xeber.com xəbər verir ki, Suriyada davam edən dörd illik münaqişənin həlli üçün yeni cəhdlər edilməkdədir və bu, sülhə nail olmaq üçün Əsədin hakimiyyətdən gedəcəyi mülahizələrinə gətirib. Lakin Əsəd bildirib ki, Rusiya və İran dostlarını tək buraxmayıb.
Fransa isə Suriya liderinin "neytrallaşdırılmasının” münaqişənin həllində zəruri amil olduğunu bildirib. Fransa prezidenti Fransua Olland deyib: "Biz Əsədi saxlamadan terrorçuların təsirini azaltmalıyıq. Bu ikisi bir-birinə bağlıdır”.
İran və Rusiya isə onun münaqişənin siyasi həlli prosesində iştirak etməli olduğunu bildirir.
İran və dünya gücləri arasında əldə edilmiş son nüvə razılaşmasından sonra Suriya ilə bağlı diplomatik gərginlik artıb. Lakin Livanın Əl-Mənar televiziyasına danışan cənab Əsəd bildirib ki, heç bir irəliləyiş nəzərə çarpmır. O bildirib ki, məsələnin həlli o zaman mümkündür ki, dünyada "terrorçuluğu” dəstəkləməyi dayandırsınlar. O, həm müxalifət fəallarını, həm də cihadçı qruplaşmaları bu cür adlandırıb.
Suriya münaqişəsi 2011-ci ildə hökumət əleyhinə nümayişlərlə başlayıb. Lakin sonradan çoxtərəfli münaqişəyə çevrilib və 250 mindən çox insanın ölümünə səbəb olub.
BMT-nin Suriya böhranı üzrə səfiri Steffan de Mistura sülh danışıqlarına doğru əsas tərəflər arasında məsləhətləşmələr aparılmasını təklif edib.