Britaniya İranla yaxşı əlaqələr üçün çalışmaqda haqlıdır, amma ehtiyatlı olmalıdır. Bunu Britaniya xarici işlər naziri Philip Hammond Tehranda Prezident Həsən Ruhani ilə danışıqlardan əvvəl deyib.
Hammond deyib ki, uzun müddət davam edən inamsızlığa baxmayaraq, İran həddən artıq mühüm ölkədir və təcrid olunmamalıdır.
BBC Radio 4-un Today proqramına danışan XİN başçısının sözlərinə görə, iki ölkə həmçinin İslam Dövləti qrupuna qarşı mübarizə aparmaq üçün birlikdə işləyə bilər.
Qeyd edək ki, bazar günü Tehrandakı Britaniya səfirliyi dörd illik fasilədən sonra yenidən açılıb. Səfirlik 2011-ci ildə, Tehrana qarşı Qərb sanksiyalarına etiraz edən kütlə tərəfindən hücuma məruz qaldıqdan sonra bağlanmışdı.
Hammond 2003-cü ildən bəri İrana səfər edən ilk xarici işlər naziridir. O deyib ki, Britaniya ilə İranın çətin tarixi olsa da, əlaqələr yaxşılaşmaqdadır və diplomatik əlaqələrin yenidən başlaması irəliyə doğru addımdır: "Bəli, biz ehtiyatlı olmalıyıq. Hər iki tərəf arasında uzun müddət davam edən inamsızlıq var və bəzi sahələrdə siyasətimiz çox fərqlənir. Amma bu o demək deyil ki, biz danışmamalıyıq...
Biz Əfqanıstandan Avropaya opium nəqliyyatının qadağan edilməsi barədə eyni fikirdəyik, biz İŞİD-ə qarşı çıxmağın lazım olması barədə eyni fikirdəyik".
O, İranın insan haqları tarixçəsi kimi mübahisəli məsələlərə "göz bağlamadığını" bildirib. Amma onun sözlərinə görə, Birləşmiş Krallıq bu ölkənin liderlərilə dialoqa başlamasa, bu məsələlərə təsir göstərə bilməyəcək.
Böyük Britaniyanın xarici işlər naziri bildirib ki, artıq gələn ilin yazından İrana qarşı beynəlxalq sanksiyaların götürülməsinə başlana bilər. O qeyd edib ki, sanksiyaların ləğvindən sonra investorlar işə başlaya bilərlər.
Bu səfərdən bir neçə həftə əvvəl Tehran və dünyanın altı gücü arasında İranın nüvə fəaliyyətini məhdudlaşdıran tarixi saziş əldə edilib.