Suriyanın əsasən kürdlər yaşayan Rojava bölgəsini nəzarətində saxlayan kürdlərin Demokratik Birlik Partiyasının (PYD) hərbi qanadı Xalq Müdafiə Birlikləri (YPG) Əsədi dəstəkləyən hökumət qüvvələrinə dəstək məqsədilə Deyr əz-Zora birlik göndərib.
Baki-xeber.com "Rudaw”a istinadən xəbər verir ki, hərbi birlik dünən İraq sərhədindəki Deyr əz-Zora göndərilib. Kürd döyüşçülərin Əsəd rejimi əsgərlərilə birlikdə İŞİD-ə qarşı döyüşmək üçün göndərildiyi bildirilir.
Məlumata görə, bununla bağlı hökumət nümayəndələrilə PYD arasında görüşdə razılıq əldə edilib.
Onu da qeyd edək ki, Suriyada müxaliflərlə yanaşı kürdləri də dəstəkləyən və anti-İŞİD koalisiyasına rəhbərlik edən ABŞ Əsəd rejiminin hər hansı bir formada koalisiyaya qoşulmasına qarşı çıxır.