Məhkəmə Rusiyanın Ermənistandakı Gümrü bazasında qulluq edən əsgər Valeri Permyakovu 10 il həbs cəzasına məhkum edib. O, hərbi xidmətdən yayınmaq məqsədilə özbaşına və əli silahlı hərbi hissəni tərk etməkdə təqsirli bilinib.
Hərbi hissəni tərk edən Valeri Permyakov həm də yanvarın 12-də Gümrü sakini Avetisyanlar ailəsinin 6 üzvünü, o cümlədən 2 yaşlı qız və doqquzaylıq oğlan uşaqlarını öldürməkdə ittiham olunur.
Bu cinayət işi ayrıca icraata ayrılıb və Ermənistan Xüsusi İstintaq Komitəsinə təqdim edilib. Qətl cinayət işi üzrə məhkəmə prosesinin Ermənistan məhkəməsində icra edilməsi nəzərdə tutulur.
Gümrü hərbi bazasında başlanan məhkəmə prosesində Rusiya 5-ci Hərbi Qarnizon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Aleksandr Şeldyayev sədrlik edir.
Məhkəmədə qətlə yetirilən ailənin təmsilçiləri və vəkilləri də iştirak edir. Kiçik zalda keçirilən prosesin əvvəlində və sonunda, operatorlara çəkiliş aparmağa icazə verilir.