Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Səudiyyə Ərəbistanından olan həmkarı Adel əl Cübeyrlə birgə mətbuat konfransı zamanı söyüş söydüyü iddia olunur. Milli.Az RT-yə istinadən bildirir ki, Moskvadakı sinxron tərcüməçi S.Lavrovun dediklərini ərəb dilinə tərcümə edəndə XİN başçısı mikrofona sakitcə "Debillər!" deyib və söyüb.
Onun replikası səudi qonaqla əsla bağlı deyildi.
Rusiya XİN-in mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarovanın dediyinə görə, mətbuat konfrasının aparıcısı olsa da, belə sözləri eşitməyib.
O, "Qovorit Moskva" radiostansiyasına verdiyi açıqlamasında deyib: "Həmin mətbuat konfransında idim və elə sözlər eşitmədim. Eşitmədiyim sözləri də şərh edə bilmərəm. İnsan öskürdü. Nə olduğunu anlamadım. Heç nə eşitmədim. Yalnız onu deyə bilərəm ki, nazirin dedikləri substantiv olaraq stenoqrammada var. Səsləri, küyləri, öskürəkləri şərh etmək isə danışıqlara əsla aid deyil".
Ekspertlərin fikrincə, baş verən olayın iki səbəbi ola bilər.
İlk versiya S.Lavrovun söyüşdən bir dəqiqə əvvəl cibindən mobil telefon çıxararaq aldığı SMS-i oxuması ilə bağlıdır. Yəqin, nazirin reaksiyası SMS-in mətni ilə bağlıdır.
İkinci versiya mətbuat konfransındakı fotoqrafların davranışı ilə bağlıdır. Bəllidir ki, cənab Lavrov onu "heç fotogenik olmayan" anlarda "tutmağa" çalışan fotoreportyorları sevmir.
Cənab Lavrov da qalmaqallı replikasından əvvəl eynəyini düzəldərək alnını ovxalayırdı, fotoreportyorlar da onu çəkirdilər.