İrəvanda "Qalx, Ermənistan!” aksiyasının təşkilatçıları yeni kütləvi etirazlara başlayacaqlarını bildiriblər. ANS PRESS-in məlumatına görə, təşkilatçıların bu dəfə ki əsas tələbi Ermənistan prezidenti Serj Sarkisyanın istefası və iqtidar partiyanın nümayəndələrinin hakimiyyət vəzifələrindən kənarlaşdırılmasıdır.
Hələ keçən həftə hərəkatın koordinatoru Andreas Qukasyan bu günə işarə edərək mitinqin İrəvanın mərkəzində keçiriləcəyini bildirmişdi. Onun sözlərinə görə mitinq İrəvanın Respublika meydanında keçiriləcək. Qukasyan bildirib ki, mitinq zamanı dövlətin elektrik tariflərinin qaldırılmasına qarşı etdiyi işlər müzakirə olunacaq və tələblərin məzmunu aydınlaşdırılacaq. Təşkilatçıların təbirincə hakimiyyət Rusiyanın "İnter RAO” şirkətinə məxsus "Ermənistan elektrik şəbəkələri” şirkətini milliləşdirməli, elektrik enerjisi qiymətlərinin razılaşdırılması üçün danışıqlarda iştrak edən Ermənistan ictimai xidmətlərin tənzimlənməsi üzrə Komissiya üzvlərini istefaya göndərməlidir.
Amma ən əsas tələb ölkə rəhbərliyinin istefasıdır. Etirazçılar bildirirlər ki, Serj Sarkisyan və onun partiya üzvləri hakimiyyətdən getməyənədək meydanı tərk etməyəcəklər.