Kreml deyir ki, Fransa Rusiyaya iki Mistral hərbi gəmisinin satılması üçün müqavilənin ləğvinə görə kompensasiyanı ödəyib. Fransa prezidenti Fransua Ollandın ofisi də bildirib ki, satışın ləğvinə görə Rusiyaya "tam kompensasiya” ödənməsinə dair saziş imzalanıb.
Bu müqavilə Rusiyanın Ukraynanın Krım vilayətini ilhaqından sonra dayandırılıb. Avropa Kremlin Ukraynanın şərqində rusiyapərəst separatçılara dəstəyinə cavab olaraq bir sıra addımlar atıb.
Bəyanatda deyilir ki, Rusiyanın artıq ödədiyi pulun hamısı qaytarılacaq. Ancaq məbləğ açıqlanmayıb. Fransa hərbi gəmiləri özündə saxlayır.
Kreml avqustun 5-də bildirib ki, Moskva mübahisəni həll olunmuş sayır.
Fransa müdafiə naziri Lan-İv Le Drian "Mistral” tipli aviadaşıyıcılara görə Rusiyaya 1,2 milyard avrodan az məbləğ ödəniləcəyini bəyan edib. APA-nın verdiyi xəbərə görə, bu barədə "Reuters” agentliyi məlumat yayıb.
Le Drianın sözlərinə görə, məbləğin konkret həcmi və müqavilənin əsas məzmunu parlamentdə müzakirə olunacaq. Ardınca isə sənəd hər iki ölkənin parlamentlərində ratifikasiya edilməlidir.
2011-ci ildə əldə olunmuş saziş 1.3 milyard dollarlıq idi. Bu, Rusiyaya NATO ölkəsi tərəfindən ən böyük silah satışı sayılırdı.