Avrozona liderləri uzun sürən danışıqlaradan sonra Yunanıstana üçüncü yardım paketinin ayrılması məsələsi barədə "yekdilliklə" razılığa gəliblər. Bu barədə Avropa İttifaqı prezidenti Donald Tusk bildirib. Onun sözlərinə görə, Yunanıstana yardım proqramı üçün hər şey hazırdır.
Donald Tuskun təbirincə, bu proqram ciddi islahatlar və maliyyə yardımını nəzərdə tutur.
"Heç bir "Grexit" olmayacaq" - Yunanıstanın avrozonanı tərk etməsi ehtimalı barədə söz-söhbətlərə istinad edən Avropa Komissyasının başçısı Jean-Claude Juncker bildirib.
Avrozona ölkələri liderlərinin Yunanıstan böhranı ilə bağlı danışıqları 17 saat çəkib. Jean-Claude Juncker Yunanıstan parlamenti əldə edilmiş qərarları təsdiqləyəcəyinə əminliyini bildirib".
Brüsseldə avrozona ölkələri liderlərinin Yunanıstanla bağlı müzakirələri başa çatandan sonra Almaniya kansleri Angela Merkel Afina hökumətinə 25 milyard avro məbləğində yardımın ayrılacağını bildirib. Onun sözlərinə görə beynəlxalq kreditorların nəzarəti altında xərclənəcək həmin fond Yunanıstan banklarının yenidən kapitallaşması prosesinə xərclənəcək: "Proqram 3 ilə nəzərdə tutulub, həmin müddət ərzində pensiya islahatı, əmək bazarı islahatı və özəlləşdirmə keçirilməlidir"
"Biz borcların ödənişini ertələməyə və orta müddətli maliyyələşməyə nail ola bildik". Bunu isə Yunanıstanın baş naziri Alexis Tsipras Brüssel danışıqlarını şərh edərkən deyib. Alexis Tsipras avrozona ölkələri liderlərinə Aİ-nin tələblərinin çoxunu nəzərə alan təkliflər təqdim etsədə, Aİ liderləri, ilk növbədə Almaniya kansleri Angela Merkel, rəsmi Afinadan vəd etdiyi islahatların keçiriləcəyinə dair təminat verilməsini tələb ediblər. Yunanıstana dair əldə edilmiş razılığın əsas bəndləri aşağıdakılardan ibarətdir:
- Yunanıstana yeni kredit verilməsilə bağlı danışıqların başlanmasına icazə verilir.
- Brüsseldə razılaşdırılmış islahatlar Yunanıstan parlamentində təsdiqdən keçməlidir.
- Brüssel razılığı avrozona ölkələri parlamentləri tərəfindən də təsdiqlənməlidir.
- Afinaya borclarını ödəmək üçün ayrılmış vaxt uzadılır.
- Yunanıstan aktivlərindən 50 milyard avro məbləğində xüsusi fond yaradılacaq. Yunanıstan bankları həmin fonddan maliyyələşəcək. Fondun idarəçiliyi Aİ-nin nəzarətində olacaq.