Tacikistan və Qırğızıstan rəsmiləri Tacikistan sakininin ölümü ilə nəticələnmiş sərhəddə atışma insidentini araşdırmağa başlayıblar.
Hadisə bazar ertəsindən çərşənbə axşamı gününə keçən gecə baş verib. Bişkek deyir ki, münaqişə Qırğızıstan tərəfinə keçmiş Tacikistan vətəndaşlarının Qırğızıstan nömrəli avtomobilləri daşa tutmasından sonra yaranıb.
"Münaqişə yerinə gəlmiş Tacikistan sərhəd dəstəsi Tacikistan vətəndaşları tərəfindən törədilən xuliqanlıq əməllərinin qarşısını almağa yönələn tədbir görməyib”, - Qırğızıstan sərhəd idarəsinin açıqlamasında deyilir.
Bəyanatda bildirilir ki, Tacikistan sərhədçiləri güc tətbiqilə qırğızıstanlı həmkarlarının silahını ələ keçirməyə cəhd göstəriblər.
Bundan sonra baş verən atışmada Tacikistanın həmsərhəd Çorkux kəndinin bir sakini həyatını itirib və daha bir sərhədçi xəsarət alıb.
Düşənbədə münaqişənin səbəblərini şərh etməyiblər.
İki Mərkəzi Asiya ölkəsi arasında sərhədin ümumi uzunluğu 900 kilometrə yaxındır. Onun böyük hissəsi demarkasiya olunmayıb və bu proses başa çatanadək ölkələr arasında yeni mübahisə halları istisna olunmur, ekspertlər hesab edirlər.