Bazar günü ölkəyə beynəlxalq maliyyə dəstəyi ilə bağlı keçiriləcək referendum öncəsi rəqib tərəflər Afinada yürüş keçirməyə hazırlaşırlar. Baş nazir Aleksis Tsiprasın "Yox” kampaniyasını dəstələmək üçün yürüşdə iştirak edəcəyi gözlənilir.
Aİ liderləri xəbərdarlıq edib ki, "Yox” nəticəsi Yunanıstanın avrozonanı tərk etməsinə səbəb ola bilər.
Yunanıstanın iqtisadiyyatı, yeni fondlardan məhrum olduğu üçün, daha da pisləşib. Banklar bağlanıb və nəğd çıxarmalarına məhdudiyyət qoyulub. Yunanıstan aylardır ki, kreditorlar ilə çıxış yolu tapa bilmir, lakin yalnız keçən həftə referendumun keçiriləcəyini elan edib.
Referendumda "Hə” və "Yox” tərəfdarları referendum öncəsi seçiciləri inandırmağa çalışır və müvafiq şüarların olduğu plakatları yayırlar.
Cümə günü Ethnos qəzetində dərc edilmiş sorğunun nəticələrinə görə isə "Hə” tərəfdarları az fərqlə öndədir. Sorğu iştirakçılarının 44.8 faizi "Hə”, 43.4 faizi isə "Yox” deyəcəyini bildirib.
Yunanıstanın ali məhkəməsi, Dövlət Şurası, isə bazar günü keçiriləcək referendumun konstitusiyaya zidd olub-olmadığına qərar verəcək.
Cənab Tsipras bildirib ki, "Yox” nəticəsi kreditorlarla "daha yaxşı razılaşmaya” aparacaq. "Əgər "Yox” səsi qazanarsa və yetərincə güclü olarsa, sizi əmin edirəm ki, növbəti gün Brüsseldə olacam və razılaşma imzalanacaq”.
Onun opponentləri isə baş nazirin səhv etdiyinə inandıqlarını bildiriblər.