"Rusiya ilə Ukrayna arasındakı münaqişə uzunmüddətlidir və rusiyalıların fikrini korrupsiya və bacarıqsızlıqdan yayındırmaq üçün Qərblə uydurulmuş münaqişənin tərkib hissəsidir”. Bunu Vladimir Putinin qatı tənqidçilərindən olan Mixail Xodorkovski Vaşinqtonun beyin mərkəzi "Atlantika Şurası”nda çıxışında deyib.
Xodorkovski bildirib ki, nə qədər ki, Vladimir Putin hakimiyyətdədir, Rusiya ilə real yaxınlaşma mümkün deyil, çünki, Rusiyada hər şey onun əlindədir. Amma o qeyd edib ki, Putindən sonra Rusiyanı qərbyönümlü görür və ABŞ-la Qərb onu öz sıralarına qəbul etməyə hazır olmalıdır.
Xodorkovski bildirib ki, amma hələlik Rusiya-Ukrayna münaqişəsi Şimali və Cənubi Koreyanın bölünməsi kimi uzun sürə bilər.
O, bu münaqişənin dondurulmasının yeganə ağılabatan gözlənti olduğunu vurğulayıb. Xodorkovski deyib ki, Vaşinqton Ukrayna münaqişəsi ilə məşğul olmalı, amma Ukraynaya silah verməməlidir.
Çünki rusiyalıların əksəriyyəti düşünür ki, artıq ABŞ-la Rusiya arasında münaqişə mövcuddur və əgər silah göndərilsə vəziyyət münaqişəyə doğru gedə bilər.
Xodorkovski qeyd edib ki, belə bir sual yaranır: "ABŞ münaqişə və qələbəyə hazırdırmı? Çünki əgər ABŞ buna hazır olmasa bu məğlubiyyət kimi qələmə veriləcək” - deyə o vurğulayıb.