İraqın sabiq xarici işlər naziri Tariq Əzizin cəsədi tapılıb. APA-nın məlumatına görə, bunu "Əl Cəzirə” telekanalına açıqlamasında vəkil Bədi Aref Ezzat deyib.
O bildirib ki, cəsədi silahlı şəxslər oğurlasalar da, İraq hökuməti onu qaytara bilib. Bununla belə vəkil tabutun hazırda harada olduğunu və T. Əzizin nə vaxt dəfn ediləcəyini bilmədiyini söyləyib.
Qeyd edək ki, T. Əzizin cəsədinin olduğu tabut Bağdad aeroportunda oğurlanmışdı. Bu il iyunun 5-də saxlandığı həbsxanada ürək çatışmazlığından ölən Tariq Əzizin meyitinin dəfn olunmaq üçün İordaniyanın paytaxtı Əmmana aparılmasına qərar verilib. Bağdad hava limanında silahlı qrup meyiti aparan dəstəyə hücum edib və cəsəd oğurlanıb.
Qeyd edək ki, 1936-cı ildə Mosulda anadan olan Tariq Əziz Səddam Hüseynin ən yaxın adamlarından sayılırdı. Ömürlük həbs cəzasına məhkum edilən Tariq Əziz Səddam Hüseynin 24 illik iqtidarı dövründə vəzifəsini qoruya bilən bir neçə şəxsdən biri, İraqda yüksək vəzifədə çalışan tək xristian olub.