Rusiya instintaq orqanları Ded Xasan kimi tanınan kriminal avtoritet Aslan Usoyanın qətlə yetirilməsi ilə bağlı işi dayandırıblar, mətbuat bildirir. Hüquq-mühafizə orqanlarındakı mənbələrə istinad edən Rusiya KİV-ləri qərarı qətldən keçən iki il ərzində irəliləyişin olmaması ilə əlaqələndirirlər.
Bununla yanaşı qeyd olunur ki, işin dayandırılması qatillərin axtarışına son qoymaq demək deyil.
Belə ki, iş üzrə əhəmiyyətli məlumatın peyda olması ilə istintaq bərpa edilə bilər.
Bu arada Rosbalt agentliyi kriminal dairələrdə canilərin müəyyən edildiyini yazır.
Kriminal aləmdə Usoyanın xələfi olan Zaxari Kalaşov qatillərin məsuliyyətə cəlb olunacağını desə də, onların adlarını açıqlamayıb.
Aslan Usoyan 2013-cü ilin yanvar ayında Moskvanın mərkəzində qətlə yetirilib. Bundan əvvəl o həyatına daha bir qəsd cəhdindən salamat çıxıb. Hər iki halda qatil səssiz snayper tüfəngindən istifadə edib.