Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Misir vətəndaşlığı alması ilə bağlı iddialara münasibət bildirib. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Bilal Ərdoğan Misir mətbuatının yaydığı xəbəri yalan və iftira adlandırıb: "Bu xəbərlərdə deyildiyi kimi, nə Misir vətəndaşlığı almışam, nə də hər hansı ölkəyə qaçmışam. Bunu rəsmi sənədlər də təsdiq edər”.
B.Ərdoğan keçən ilin dekabrında Misir vətəndaşı kimi Gürcüstana qaçması iddiası ilə bağlı deyib: "Bu xəbərlərdə istifadə olunan "qaçmaq” kəlməsi xüsusi seçilib və mətbuat yolu ilə apardıqları iyrənc əməliyyatın tərkib hissəsi olmaqla, xalq arasında barəmdə mənfi rəyin formalaşdırılmasına hesablanıb. Doğduğum və çalışdığım bu torpaqları casusluq və xəyanət şəbəkəsinin və ya onların qəzetlərinin yalanları ilə tərk edən deyiləm”.
Qeyd edə ki, Misir mediası Ərdoğanın oğlu Bilal Ərdoğanın Misir vətəndaşı olduğunu iddia edib. Bilal Ərdoğanın Misir pasportu ilə 17 dekabr hadisələri vaxtı Gürcüstana qaçması barədə məlumatlar yayılıb.
Misirin tanınmış qəzetlərindən olan "El Masri el-Youm”da yer alan xəbərdə qeyd edilir ki, B.Ərdoğana Misir vətəndaşlığı sabiq prezident Məhəmməd Mursi tərəfindən verilib. İndi isə həmin vətəndaşlığın ləğv edilməsi gündəmə gəlib.