Iranın dövlət qəzeti Birləşmiş Ştatları İslam Dövləti qrupunun İraqın Ramadi şəhərini ələ keçirməsinə imkan verməkdə günahlandırır. Qəzet İnqilab qvardiyası elitar birləşməsinin komandiri Qassem Soleimani bildirib ki, ABŞ yaraqlıların Ramadiyə doğru hərəkətini dayandırmaq üçün heçnə etməyib.
Yaraqlılar Ramadini mayın 17-də zəbt edib.
ABŞ-ın müdafiə naziri Ash Carter bundan əvvəl müsahibələrindən birində İraq ordusunu kifayət qədər iradə göstərməməkdə günahlandırıb. Onun bu bəyanatı İraqın baş naziri Haider al Abadinin də narazılığına səbəb olub: "Onun belə danışması məni təəccübləndirir. Çünki, o İraqa həmişə yaxşı münasibətdə olub. Əminəm ki, ona səhv məlumat verilib”-deyə o BBC-ə müsahibəsində deyib.
İraq ordusu hazırda şiə və sünni döyüşçülərin dəstəyi ilə Ramadini geri almağa cəhd göstərir. Onlar şəhərə doğru hərəkət edirlər. Yerli sünni qəbilə başçısı Amir al Fahdawinin sözlərinə görə, birləşmiş qüvvələr hazırda Ramadinin təxminən 10 kilometrliyindəki Husaiba şəhərindədir.
İslam Dövləti yaraqlıları bu günlərdə Suriyanın qədim Palmira şəhərini də ələ keçiriblər. Bundan başqa yaraqlılar Suriya-İraq sərhəddindəki strateji keçid məntəqələrindən birini ələ keçiriblər ki, bu onların sərhəddi keçməsi və ya silah daşımasına imkaqn açır.
Londonda qərarlaşan Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, hazırda Suriyanın demək olar ki, tən yarasını İslam Dövləti yaraqlılarının nəzarətindədir.