Cənubi Koreya kəşfiyyatı KXDR-də müdafiə nazirinin güllələndiyini bildirir. Məlumatlara görə, onu Şimali Koreya lideri Kim Jong-un-a hörmətsizlikdə və qeyri-loyallıqda ittiham ediblər.
Cənubi Koreya Yonhap xəbərlər agentliyinin kəşfiyyatçıların məlumatına istinadən yaydığı xəbərə görə, Hyon Yong-chol aprelin sonunda, hökmün yüzlərlə dövlət məmurunun gözü qabağında yerinə yetirildiyi zaman ictimaiyyət qarşısında zenit topundan atəşlə güllələnib.
Məlumatlara görə, müdafiə idarəsinin başçısı Kim Jong-un-un iştirak etdiyi hərbi tədbirdə yuxuya getdiyinə və bir neçə dəfə Şimali Koreya lideri ilə mübahisəyə etdiyi üçün ölüm cəzasına məhkum edilib.
Pxenyandan alınan məlumatı müstəqil mənbələrdən təsdiq etmək mümkün deyil. Lakin BBC-nin Koreyadakı müxbirinin məlumatına görə, bunu yoxlamaq çətin olmayacaq. Müdafiə nazirinin edamı barədə məlumat həqiqətə uyğun olmasa, o, ictimaiyyət üzünə çıxacaq.
Daha əvvəl Seul 2015-ci ilin əvvəlindən KXDR hakimiyyəti tərəfindən 15 nəfərin edam edildiyini bildirmişdi. Edam edilənlərdən biri ölkə meşə təsərrüfatının inkişaf planını tənqid etmiş nazir müavini olub.
2013-cü il dekabrında Şimali Koreya lideri Kim Jong-un-un Çinlə danışıqlar üçün məsuliyyətli və iqtisadi islahatlar tərəfdarı sayılan dayısının edam edildiyi haqqında məlumat yayılmışdı.