Amerikanın Baltimor şəhərində afroamerikalı Freddie Grayin dəfnindən sonra kor-təbii başlanan etiraz aksiyası əsnasında nümayişçilərlə toqquşmalar nəticəsində ən azı 15 polis xəsarət alıb. Merilend ştatının qubernatoru Larry Hogan fövqəladə vəziyyət elan edib və Baltimorda asayişi bərpa etmək üçün ştatın milli qvardiyasını səfərbər edib.
Şəhərin meri Stephanie Rawlings-Blake bəyan edib ki, yerli vaxtla axşam saat 10-dan səhər saat 5-dək komendant saatı elan olunub: "Bu, o deməkdir ki, həmin vaxt siz iki səbəbə görə küçədə ola bilərsiniz: ya sizdə tibbi xarakterli təxirəsalınmaz vəziyyət yaranıb, ya da siz işə gedirsiniz”.
Qaradərili 25 yaşlı Baltimor sakini Freddie Gray polis tərəfindən saxlanıldığı zamanı boyun nahiyəsindən indiyə kimi səbəbi məlum olmayan xəsarət alıb və xəstəxanada həlak olmuşdur. Aprelin 19-da onun ölümü şəhərdə etirazlara səbəb olub. Qarşıduramalar zamanı çox sayda polis və nümayişçi xəsarət alıb. Ən azı 30 nəfər saxlanıb.
Etirazçılar aprelin 12-də Gray həbs edildiyi yerdən yürüşə başlayıblar. Polisin versiyasına görə, küçə ilə gedən Gray-in gözü polisin gözünə sataşarkən o, birdən qaçmağa başlayıb. Guya tutulduqdan sonra polis maşınında "azğınlıq” etdiyi üçün onun əl-ayağı qandallanıb.
Polis kapitanı Erik Kovalcik bəyan edib ki, polis vəziyyəti öz nəzarəti altına almağa çalışır və gözyaşardıcı qazdan istifadə etməyə hazırdır. Şəhərin tarixində bu, ən böyük aksiyalardan biridir.
Polis komissarı Anthony Batts etiraf edib ki, Gray istəyəndə, ona tibbi yardım göstərilməyib. Polis əməkdaşının sözlərinə görə, istintaq hadisənin təfərrüatlarını müəyyən etməyə çalışır.
Polis iğtişaşlarda yeniyetmə uşaqlar iştirak etdiyini bəyan edir və onları evlərinə aparmaq çağırışı ilə valideynlərə müraciət edib.
İlk nümayişlərin təşkilatçılarından biri pastor Jamal Bryant televiziya müsahibəsində deyib ki, Baltimor küçələrində baş almış zorakılıq etirazın ruhunu əks etdirmir. Onun sözlərinə görə, kilsə nümayəndələri camaatı evlərinə getməyə razılaşdırmaq üçün hadisə yerinə gediblər.
Baltimordan alınan video görüntülər izdihamın yerli bazarı talaması və polis avtomobilinə od vurması əks olunub. Altı nəfər polis əməkdaşı Freddie Grayin ölümü səbəblərinin araşdırılması müddətində işdən kənarlaşdırılıb.