Rusiya Enerji Nazirliyi Ukraynanın Donbas bölgəsində mədən ocaqlarını yox etməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya KİV-i Rusiya hökumətinin rəsmi internet saytına istinadən məlumat yayıb.
Məlumata görə, şərqi Donbasda mədən ocaqlarının yox edilməsindən sonra mənfi sosial-iqtisadi nəticələri aradan qaldırmaq üçün 18 mart - 8 aprel arası tender elan edilib. Verilən ərizələr aprelin 14-də dəyərləndirilməlidir.
Layihə Rusiya hökuməti tərəfindən maliyyələşdiriləcək və məbləğin 66 milyon 143 min 380 rubl (təxminən 1,2 milyon dollar) olacağı bildirilir.
Rusiya hökumətinin rəsmi internet saytında Ukraynanın şərq bölgələrindəki mədən ocaqlarının yox edilməsi üçün lazımi avadanlıq və maşınların Rusiyanın Rostov bölgəsinə gətiriləcəyi qeyd edilir.
Onu da qeyd edək ki, Ukraynadakı kömür mədənlərinin böyük bir hissəsi separatçıların nəzarətində olan Donetsk və Luqansk vilayətlərində yerləşir.