ABŞ Dövlət katibi Con Kerri və Kubanın xarici işlər naziri Bruno Rodriguez iki ölkə arasında son yarım əsrdə ən yüksək səviyyəli görüş keçiriblər.
Panamaya sammitdə iştirak üçün gələn iki nazirin görüşü bağlı qapı arxasında olub.
ABŞ Dövlət Departamenti prezident Barak Obamaya Kubanı ABŞ hökumətinin terrorizmin sponsoru hesab etdiyi ölkələrin siyahısından çıxarmağı tövsiyə edib. ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Ben Kardinin sözlərinə görə, bu tövsiyə Kuba ilə daha məhsuldar münasibətlərin qurulması yolunda mühüm addım ola bilər.
Obama isə bildirib ki, tezliklə Kuba ABŞ-ın terrorçuluğa sponsor edənlər siyahısından çıxarılacaq. Obamanın sözlərinə görə, ABŞ Dövlət Departamenti Kubanın terror siyahısında iştirakını nəzərdən keçirib. Prezident deyir ki, formal tövsiyəni alandan sonra bir neçə günə müsbət qərarını verəcək.
Kubanın "terrorçu siyahısından" çıxarılması iki ölkənin Vaşinqton və Havanada yenidən öz səfirliklərini açmasına imkan yaradacaq.
Bu arada Barak Obama və Kuba rəhbəri Raul Kastro Panamada keçirilən "Amerikaların Sammiti" çərçivəsində ilk rəsmi görüşü keçirmək niyyətindədirlər. Obama ilə Kastro arasında rəsmi görüş nəzərdə tutulmasa da, Ağ Ev bildirib ki, yəqin onlar görüşəcəklər.
Bundan əvvəl Kuba rəhbərliyi bir dəfə də olsun sammitdə iştirak etmək üçün buraxılmamışdı.