Rusiyada müxalif siyasətçi Boris Nemtsovun qətlə yetirildiyi yer təhqir olunub, Kreml divarlarının yanında qurulmuş müvəqqəti xatirə guşəsi dağıdılıb.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, memorialın təhqir edilməsi halı bir neçə müxalifətçi və Nemtsovun həmkarı və dostu İlya Yaşin tərəfindən bəyan edilib. İlya Yashin tvitterdə yazıb ki, naməlum adamlar Nemtsovun portretləri üzərinə təhqiramiz işarələr çəkiblər.
"Nemtsov körpüsü” yazılmış lövhə də sındırılıb. Müxalifətçi İlya Yashin hadisə yerindən bəzi fotoları da təqdim edib. Onlardan birində görünür ki, bir qrup şəxs kamera önündə dayanaraq əllərində "Nemtsov körpüsü" yazılmış lövhənin qırıqlarını saxlayıblar.
Xatirəyə hörmətsizlik hadisəsinə cavabdehliyi rus azadlıq hərəkatı SERB adlandırılan qurumun üzvləri götürüb. Onlardan biri özünün "VKontakte" sosial şəbəkəsindəki səhifəsində aksiya ilə bağlı fotoreportaj yerləşdirib.
Fəallar Nemtsovun şəkillərinin çərçivələrini qırıb, "Nemtsov körpüsü" yazılmış lövhəni rəngləyib və qırıblar, eyni zamanda qətlə yetirilmiş siyasətçinin ünvanına təhqirlərin olduğu plakatlar yerləşdiriblər.
Rusiya kütləvi informasiya vasitələrinə görə, SERB qrupu "Antimaydan" hərəkatına daxildir. SERB fəalı Qoşa Taraseviçin bildirdiyinə görə, təşkilatın üzvlərini Böyük Moskva çayı körpüsünə Boris Nemtsovun adının verilməsi təklifi qəzəbləndirib.
İnsanlar təhqiramiz izləri təmizləyib, Nemtsovun öldürüldüyü yerə yeni güllər və şamlar qoyublar. Bu barədə vətəndaş cəmiyyəti fəalı Mark Qalperin özünün Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, könüllülər guşəni qaydasına salıb və ora təzə güllər gətiriblər.
Hələlik hüquq-mühafizə orqanlarından hadisəyə hər hansı reaksiya verilməyib.
Nemtsov fevralın 27-də gecə saatlarında Moskvanın mərkəzindəki körpüdə qətlə yetirilib. Müxalifətçinin işi ilə bağlı beş nəfər həbs edilib.