Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu baş naziri müavini Bülənt Arınç və Ankara böyük şəhər bələdiyyəsinin sədri Məlih Gökçək arasındakı münaqişəyə müdaxilə edib.
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Ə. Davudoğlu hər iki şəxslə görüşdüyünü bildirib: "Arınç ilə görüşdük. Ona prinsiplərimizi söylədim. Hörmətli Məlih Gökçəkə də düşüncələrimi çatdırdım. Məncə, bu mübahisə qapanıb”.
Baş nazir seçki ərəfəsində AKP-nin nüfuzuna mənfi təsir edəcək hər hansı addımlara yol verməyəcəklərini bəyan edib.
M. Gökçək isə baş nazirin tapşırığından sonra daha bu mövzuda danışmayacağını söyləyib: "Bülənt Arınçla bağlı düşüncələrimi "Twitter”də bildirdim. O da mənə cavab verdi. Bizim partiyamızda intizam var. Əmr dəmiri kəsər. Bir daha bu mövzuda danışmayacağam. Baş nazirimizin əmri hər şeydən üstündür”.