ABŞ-ın "General Motors” (GM) avtomobil istehsalı şirkəti "Opel”i tamamilə, "Chevrolet” markasının isə bir sıra modellərini Rusiya bazarından çıxaracaqlarını açıqlayıb. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə "General Motors”dan məlumat verilib.
"Bu gün GM şirkəti Rusiyada biznes modellərinin dəyişdirilməsi planları barədə açıqlama verib. GM istehsalına daxil olan "Chevrolet"in lüks modelləri "Corvette”, "Camaro” və "Tahoe” Rusiya bazarında təmsil olunur. "Chevrolet” Rusiyadakı mövcudluğunu minimallaşdıracaq. "Opel” isə Rusiya bazarını 2015-ci ilin dekabrına kimi tamamilə tərk edəcək”, - deyə "General Motors”dan bildirilib.
"GM Avto”nun Sankt-Peterburqdakı zavodunun da 2015-ci ilin ortalarında avtomobil istehsalını dayandıracağı məlum olub.