İran öz məhsulu olan qanadlı "Qadir” raketlərinin seriyalı istehsalına başlayıb. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə "Fars” agentliyi məlumat yayıb.
İranın müdafiə naziri briqada generalı Hüseyn Dehqan istehsalat xəttinin işə salınması ilə bağlı təşkil olunmuş mərasimdə çıxışı zamanı qeyd edib ki, "Qadir” qanadlı raketlər tez bir zamanda döyüş vəziyyətinə gətirmək, maksimal dəqiq naviqasiya avadanlığı vasitəsilə çox aşağı hündürlükdən uçmaq və 300 km məsafədən hədəfi vurmaq xüsusiyyətlərinə malikdir. "Qadir” qanadlı raketlər həmçinin müasir radioelektron mübarizə vasitələrinə davamlıdır və müxtəlif tipli gəmilərdən, həmçinin, helikopterlərdən buraxıla bilər”, deyə general Deqhan qeyd edib.
İranın müdafiə naziri ölkəsinin bölgədə öz istehsalı olan qanadlı raketləri müstəqil şəkildə istehsal edən çox ölkələrdən biri olduğunu qeyd edib: "Bu tip silahların ölkənin istənilən nöqtəsində tez bir zamanda döyüş vəziyyətinə gətirmək və hədəfi çox dəqiq vurmaq xüsusiyyətləri İran Silahlı Qüvvələrinin həm havada, həm quruda, həm də suda zərbə gücünü xeyli artırır”, deyə nazir bildirib.