ABŞ-ın neft şirkətlərinin rəhbərləri Ağ Evə müraciət edərək xam neftin ixracına qoyulmuş və 40 ildir davam edən qadağanın ləğvini xahiş ediblər. APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, qadağa ləğv olunarsa, dünya bazarında neftin qiyməti daha da ucuzlaşa bilər.
ABŞ neft şirkətlərinin rəhbərləri məsələ ilə əlaqədar Barak Obama administrasiyasının nümayəndələri ilə görüş keçiriblər. "İstehsalçılar Amerika xam neftinin ixracı naminə” (PACE) lobbi təşkilatına daxil olan 11 neft şirkətinin təmsilçiləri Ağ Evin enerji üzrə baş məsləhətçisi Brayan Diz ilə bir araya gəliblər. İstehsalçılar hökuməti 1970-ci illərdən bəri xam neftin ixracına qoyulmuş embarqonun ləğvinin zəruriliyinə inandırmaq istəyirlər. Qeyd edək ki, 1975-ci ildə ABŞ-da "Enerji siyasəti və enerji qənaəti haqqında” qanun qəbul olunub. Bu qanun 1973-cü ildə baş vermiş neft böhranı və ərəb ölkələrinin neft embarqosuna cavab olaraq müdafiə mexanizmi kimi nəzərdə tutulub.
İxracat qadağasının götürülməsi ABŞ neft şirkətləri üçün getdikcə prinsipial məsələyə çevrilməkdədir. Belə ki, 2011-ci ildən bəri ölkədə neft istehsalı 53% artaraq sutkada 8,65 milyon barelə çatıb. (Rusiya və Səudiyyə Ərəbistanından sonra 3-cü yer). 2016-cı ildə isə ABŞ-da neft istehsalının sutkalıq həcminin 9,5 milyon barelə çatacağı gözlənilir. Lakin bundan qazanan istehsalçılar yox, emal müəssisələri olur. Çünki ixrac qadağası emalçılara şamil edilmir. Emal müəssisələri nefti dünya qiymətlərindən daha ucuz olan daxili qiymətlərlə alaraq hazır məhsulları xaricə satırlar.
Hazırda ABŞ xam nefti (WTI) Brent markalı neftdən təxminən 10 dollar ucuzdur. İstehsalçılar yeni bazarlara ehtiyac duyduqlarını söyləyərək embarqonun ləğvinin eyni zamanda ölkə iqtisadiyyatı üçün də pozitiv effektə səbəb olacağını – yeni iş yerlərinin yaradılacağını, ABŞ-ın qlobal rəqabətə davamlılığının yüksələcəyini və daxili bazarda benzinin qiymətinin aşağı düşəcəyini vurğulayırlar. Məsələ bundadır ki, ABŞ-da benzinin qiyməti WTI-ın yox, daha çox Brentin qiymətindən asılıdır. Xam neftin ixracı daxili bazarda onun təklifinin azalmasına və bununla da qiymətinin artmasına gətirib çıxaracaq. Öz növbəsində bahalı Amerika nefti istehsalın artmasına təkan verəcək. Beləliklə, qlobal neft təklifi yüksələcək və Brent neftinin, eyni zamanda onunla bərabər ABŞ bazarında benzinin qiyməti aşağı düşəcək.