Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqində rusiyapərəst separatçıların, Minskdə fevral razılaşmasına uyğun olaraq, ağır silahlarının "xeyli hissəsini” geri çəkdiyini qeyd edib. Ukraynanın Birinci milli telekanalına müsahibəsində Poroşenko hökumət qüvvələrinin də ağır artilleriya və raket sistemlərinin "böyük hissəsini” geri çəkdiyini bildirib.
Ağır silahların, növü və uzaqvurma qabiliyyətindən asılı olaraq, 50-dən 140 kilometrədək çəkilməsi martın əvvəlində başa çatmalıdır. Çıxış nöqtəsi Ukrayna qoşunları üçün faktiki cəbhə xətti və separatçılar üçün 2014-cü il oktyabrın 19-na olan təmas xətti sayılır.
Ayrı-ayrı yerlərdə toqquşmalar baş verdiyinə baxmayaraq, atəşkəs haqqında razılaşmaya ümumiyyətlə əməl edilir.
Qarşıduran tərəflər dəfələrlə bir-birini atəşkəsi pozmaqda yaxud atəşkəsdən qüvvələri yenidən qruplaşdırmaq üçün bir fürsət kimi istifadə etməkdə günahlandırıblar.
Ötən ilin aprel ayından, Donetsk və Luhansk vilayətlərində silahlı münaqişə başlanandan bəri, azı 6 min adam həlak olub və bir milyondan çoxu evlərini qoyub getməyə məcbur olublar.
Fevralın 15-dən, atəşkəs razılaşması qüvvəyə mindiyi gündən, keçən vaxt ərzində 64 Ukrayna hərbçisi həlak olub, Poroşenko deyib.
O həmçinin qeyd edib ki, "kəşfiyyat qruplarının müdaxiləsinə yol verməmək üçün” işğal edilmiş Krımla sərhədi möhkəmləndirmək lazımdır.
"Və başlıcası – işğal olunmuş ərazilərdən bu yanda insanların xeyli yaxşı yaşadığını nümayiş etdirmək”, - Ukrayna prezidenti vurğulayıb.