Ermənistanın şimalındakı Gümri şəhərində Rusiya sərhəd qoşunlarının müqavilə əsasında xidmət edən və fevralda yoxa çıxmış hərbçinin cəsədi bazar günü tapılıb, Şirak vilayəti prokuroruna istinadən yerli KİV-lər bildirir. Onun sözlərinə görə, Artur Afyanın cəsədi Gümrinin yaxınlığındakı Maisyan kəndində, mağazanın arxasında aşkar edilib.
Hərbçi asılmış olub, lakin onun intihar etdiyi, yaxud qətlə yetirildiyini ekspertiza müəyyən etməlidir, prokuror deyib.
Gümri yanvar ayında 7 nəfərdən ibarət ailə üzvlərinin şəhərdə yerləşən 102 saylı Rusiya hərbi bazasının əsgəri tərəfindən öldürülməsində şübhəli bilinməsi ilə bağlı yerli və beynəlxalq medianın diqqət mərkəzinə düşüb. Rusiya sərhəd qoşunlarının hərbçisi 26 yaşlı Artur Afyanın fevralın 21-də yoxa çıxması barədə onun həyat yoldaşı Alvard Mkrtçyan həmin gün polisə məlumat verib. Afyan istirahət günündən sonra xidmət yerinə qayıtmayıb və telefon zənglərinə cavab vermirdi.
Bəzi məlumatlara görə, ailənin böyük məbləğdə borcları olub. Lakin Alvard Mkrtçyan mediaya deyib ki, ərinin yoxa çıxmasından bir neçə gün əvvəl borcu ödəmək üçün onlar bütün qiymətli əşyalarını girov qoyublar. Fevralın sonunda yerli istintaq idarəsi əsgərin yoxa çıxması ilə bağlı cinayət işi açıb.