İŞİD terror təşkilatı İraqın şimalındakı antik şəhər Nəmrudu buldozerlərlə yıxmağa başlayıb. Artıq bu faktı İraq hökuməti də təsdiqləyib.
Baki-xeber.com xəbər verir ki, İraq Turizm Nazirliyinin açıqlamasında bildirilir ki, İŞİD yaraqlıları qədim Nəmrud şəhərini məhv etmək üçün ağır silahlardan istifadə edirlər.
Bir neçə gün əvvəl İŞİD yaraqlılarının İraqın Mosul şəhərindəki antik Yaxın Şərq dövrünə aid bənzərsiz əsərləri parçaladığını göstərən video görüntülər böyük etiraz doğurmuşdu. IŞİD-in məhv etdiyi tarixi əsərlər arasında Assuriya dövründən qalma 2 min 600 ildən də çox yaşı olan giriş qapısı fiqurları da var. Yaraqlılar antik Nineva şəhərindəki məzarlara da hücum etmişdi.
BMT mədəniyyət agentliyinin İraq üzrə nümayəndəsi Alex Plathe xəbəri "İraq irsinə növbəti dəhşətli həmlə" kimi dəyərləndirib. UNESCO isə İŞİD-in İraqdakı bənzərsiz mədəniyyət abidələrini məhv etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi.
İraq arxeoloqu, doktor Lamiə əl-Gailani BBC-yə bildirib ki, onlar tarixi silirlər.