Şənbə günü Danimarkanın paytaxtı Kopenhagendə «Charlie Hebdo» hücumu və ifadə azadlığının müzakirə edildiyi bir yığıncağın keçirildiyi kafe silahlı şəxslərin hücumuna məruz qalıb.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı kafedə Məhəmməd Peyğəmbərin karikaturalarını çəkən isveçli karikaturist Lars Vilks və Fransanın Kopenhagen səfiri Fransua Zimerayın da olduğu bildirilir.
Yazar və jurnalistlərin qatıldığı toplantının hədəf alındığı hücumda ikisi polis biri jurnalist olmaqla üç nəfər yaralanıb.
Kafeyə bayırdan atəş açan təcavüzkarların maskalı və «Kalaşnikov» avtomatları ilə silahlandıqları və 3 nəfər olduğu bildirilir.
Kafeyə hücumdan sonra Danimarka paytaxtının əsas sinaqoqu da atəşə tutulub. Gecə baş tutan hücum nəticəsində milliyətcə yəhudi olan qapıçı ölüb. Ümumiyyətlə ikinci hücumla birlikdə ölü sayı ikiyə, yaralı sayı isə beşə yüksəlib.
Fevralın 15-də səhər saatlarında isə Danimarka paytaxtında polis özünü şübhəli aparan bir nəfəri güllələyib. Dəmiryol vağzalının yaxınlığında öldürülən şəxs polisə atəş açıb. Hazırda polis fevralın 14-də şəhərdə baş verən hadisələrlə həmin şəxsin əlaqəli olub-olmamasını araşdırır.
Danimarka polisi ilkin məlumatlara əsaslanaraq hər iki halda silahdan eyni şəxsin atəş açdığını və həmin şəxsin tək hərəkət etdiyini ehtimal edir.