Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU ) əks-kəşfiyyat bölməsinin və Silahlı Qüvvələrin 79-cu əlahiddə briqadasının əsgərləri Donetsk aeroportu ərazisində separatçıların kəşfiyyat-təxribat qrupunu zərərsizləşdirib. APA-nın "korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı qrupun bəzi üzvləri məhv edilib, bəziləri isə əsir götürülüb. Əsir götürülənlərin arasında Donetsk separatçılarının "Somali” batalyonunun tanınmış komandiri Givinin müavini də var.
SBU-nun açıqlamasında bildirilir ki, Givinin sağ əli olan "Qnom” ləqəbli terrorçu Donetsk aeroportunda əsir düşən Ukrayna əsgər və zabitlərinə qarşı alçaldıcı hərəkətlər edənlərdən biri olub: "Rusiya jurnalistləri tərəfindən çəkilən, "Qnom” və digər terrorçular tərəfindən nümayişkaranə şəkildə ukraynalı qəhrəmanın döyüldüyü kadrlar terrorçuların Ukrayna torpağında törətdiyi cinayətlərin daha bir sübutudur”.
Xatırladaq ki, yanvarın 26-da internetdə separatçıların Donetsk aeroportunda əsir düşən Ukrayna hərbçilərinə qarşı alçaldıcı hərəkətlər etdikləri barədə video yayılıb. Kadrlarda Givinin və ətrafındakı silahlıların Ukrayna ordusunun zabiti və əsgərlərinə qarşı nalayiq hərəkətləri əksini tapıb.