Belarus paytaxtında Ukraynanın şərqində hərbi əməliyyatlara son qoya biləcək razılıq əldə edilib. Minskdə Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri atəşkəsin fevralın 15-dən qüvvəyə minəcəyini elan ediblər.
Sövdələşmə ağır silahların cəbhə xəttindən çıxarılmasını nəzərdə tutur, lakin bəzi məsələlərin dəqqiləşdirilməsi tələb olunur.
Ukraynanın şərqindəki rusiyapərəst üsyançılar razılığı imzalayıblar.
Minskdə 17 saata yaxın davam etmiş danışıqlardan sonra tərəflər bir sıra məsələlər ətrafında razılığa gəliblər:
- Atəşkəs fevralın 15-dən qüvvəyə minir
- Ağır silahılar çıxarılır
- Əsirlər hamının-hamıya prinsipi əsasında dəyişdirilir
- Poroşenkonun sözlərinə görə Ukrayna ilin sonunadək beynəlxalq sərhədlərini nəzarət altına götürəcək
Angela Merkel bu razılığın ümid üçün əsas yaratdığını bildirməklə yanaşı, ciddi problemlərin də hələ qaldığını qeyd edib. Hələlik qeyri-müəyyən qalan əsas məsələlərdən biri Debaltsovo şəhərinin statusudur. Şəhərdə mövge tutan ukrayna hökümət qüvvələri üsyançılar tərəfindən mühasirəyə alınıb. Son günlər ərzində bu ərazidə şiddətli döyüşlər gedib.
Bakı vaxtı ilə saat 13:30 radələrində Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində fevralın 15-dən başlayaraq atəşkəs rejiminin qüvvəyə minəcəyini Minskdə elan edib. Bundan əvvəl isə Ukrayna prezidenti Moskvanın bəzi təkliflərinin qəbuledilməz olduğunu bildirmişdi.