Suriya prezidenti Bəşər əl-Əsəd deyir ki, onun hökuməti İslam Dövlətinə qarşı mübarizə aparan ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan mesajlar alır. Cənab Əsəd BBC-ə müsahibəsində deyib ki, sentyabr ayında Suriyada hava hücumunun başlanmasından bəri birbaşa əməkdaşlıq olmayıb. Lakin İraq da daxil olmaqla üçüncü tərəflər "məlumat" ötürüblər.
O, həmçinin Suriya hökumət qüvvələrinin üsyançıların əlində olan ərazilərə fərq qoymadan çəllək bombası ataraq minlərlə mülki şəxsi qətlə yetirməsi barədə xəbərləri təkzib edib.
Cənab Əsəd Dəməşqdə BBC-nin Yaxın Şərq üzrə redaktoru Jeremy Bowenə verdiyi geniş müsahibədə bu ittihamı "uşaq nağılı" adlandırıb.
"Bizim bombalarımız, raketlərimiz və güllələrimiz var... Çəllək bombası deyə bir şey yoxdur... bizdə çəllək yoxdur".
Onun bu xəbəri təkzib etməsi son dərəcədə ziddiyyətlidir, çünki mülki şəxslərin çəllək bombası hücumunda ölməsi halları çox yaxşı sənədləşdirilib.
ABŞ-ın rəhbərliyi altında bir çox koalisiya ölkələri cənab Əsədlə əməkdaşlıqdan imtina edib.
Həmçinin onlar cənab Əsəddən 2011-ci ildə başlanan üsyanlar səbəbilə geri çəkilməyi tələb etmişdi. Lakin ötən il İslam Dövlətinin Suriya və İraqa sızmasından sonra rəsmilər Suriya lideri ilə əməkdaşlığa çalışıb.
Buna baxmayaraq, cənab Əsəd İD-i "dağıtmaq və məhv etməyə" çalışan beynəyxalq koalisiyaya qoşulmağı istisna edib.
"Yox, qətiyyən yox. Bizim belə istəyimiz yoxdur və olmayacaq da. Bircə sadə səbəbə görə- terrorçuluğu dəstəkləyən ölkələrlə eyni koalisiyada ola bilmərik", o deyib.
Heç bir əlavə detal verməyən lider Suriya höküməti tez-tez müxalifət nümayəndələrini və cihadçı üsyançıları "terrorçu" adlandırır.