Ukraynanın Donetsk vilayətinin cəbhə xəttindən kənarda yerləşən Kramatorsk şəhərinə separatçılar tərəfindən zərbə endirilib. APA-nın "112.ua” saytına istinadən verdiyi məlumata görə, Ukrayna Antiterror Mərkəzi bu gün yerli vaxtla saat 12.30-da Kramatorsk aeroportuna "Tornado” reaktiv atəş sistemi vasitəsilə zərbə endirildiyini bildirib. Ətraf binalar da zərər çəkib.
Atəşin separatçıların nəzarətindəki Qorlovka şəhərindən açıldığı bildirilir. Donetsk vilayət administrasiyası atəş nəticəsində 3 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb. Xəbəri Ukrayna prezidenti Pyotr Poroşenko da təsdiqləyib. Dövlət başçısı qeyd edib ki, Kramatorsk şəhərində yerləşən antiterror baş qərargahı "Tornado" ilə vurulub. Hərbçilər və dinc sakinlər arasında ölənlər və yaralananlar var.