İŞİD yaraqlıları amerikalı girov Kayla Jean Muellerin İordaniya tərəfindən həyata keçirilən hava zərbəsi nəticəsində öldüyünü iddia edir. Lakin girovun valideynləri onun hələ də sağ olduğuna "ümidli" olduqlarını bildirirlər.
Baki-xeber.com xəbər verir ki, girov tutulduğu Rakkaya İordaniya döyüş təyyarələri tərəfindən edilən hava hücumunda öldüyü iddia edilən Kayla Jean Muellerin ana və atası IŞİD-ə müraciət edib. Kaylanın ana və atası Carl və Marşa Muellerin müraciətində deyilir: "Siz bizə Kaylanı qonağınız kimi gördüyünüzü söyləmişdiniz, qonağınız olan birinin yaxşı və təhlükəsiz olmasının məsuliyyəti də sizlərin üzərindədir".
Onlar həmçinin, təşkilatı özlərilə təmas qurmağa dəvət edib. Mueller cütlüyü qızlarının həyatda olduğuna dair ümidlərini itirmədiklərini də bildiriblər.
İŞİD-in girovun ölümü ilə bağlı açıqlamasını müstəqil qaynaqlar təsdiqləmir. ABŞ hökumət rəsmiləri də iddianı təsdiqləyəcək dəlil olmadığını bildirirlər. Girovların ölümündə günahlandırılan İordaniya isə iddiaları təkzib edir.
İŞİD hücumla bağlı dağılmış binanın şəkillərini yayıb, lakin girovun görüntülərini yaymayıb.