Rusiya, Fransa və Almaniya Ukraynadakı böhranın nizamlanması ilə bağlı birgə sənədin üzərində işləyirlər. Güman edilir ki, sənəddə Minsk razılaşmasının realizəsi əksini tapacaq.
Bu haqda prezident Putinin mətbuat katibi Dmitry Peskov Rusiya, Fransa və Almaniya liderlərinin görüşündən sonra deyib. Onun bildirdiyinə görə, bu sənədlə bağlı işlər şənbə günü – fevralın 7-də «normand formatında» aparılan telefon söhbətində yekunlaşdırılmalıdır.
Peskovun dediyindən bəlli olur ki, sənəddə Ukrayna və Rusiya prezidentlərinin təklifləri əksini tapmalıdır. Bununla belə, müzakirə edilən sənədin təfsilatı açıqlanmır.
Prezidentin mətbuat katibi danışıqları «məzmunlu və konstruktiv» adlandırıb.
BBC-nin məlumatına görə, Almaniya və Fransada da bu danışıqları «konstruktiv» adlandırıblar.
Fevralın 6-da üç liderin Kremldə apardığı danışıqlar 5 saatdan artıq davam edib, yalnız gecəyarı başa çatıb.