Ukraynanın Debaltsevo rayonunda mülki əhalinin döyüş bölgəsindən çıxarılması üçün "yaşıl dəhliz” fəaliyyətə başlayıb. Bu barədə bəyanat verən daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak özünün Facebook səhifəsində yazıb ki, hazırda Debaltsevodadır və evakuasiya dəhlizi artıq təsdiq olunub.
Bundan əvvəl, cümə günü səhər, özünü müstəqil elan etmiş "Donetsk Xalq Respublikası”nın nümayəndələri xəbər vermişdilər ki, mülki əhalinin çıxarılması məqsədilə Ukrayna hərbçiləri ilə atəşin dayandırılması barədə razılaşma əldə olunub.
Rusiya mediası "DXR” nümayəndəsinə istinadən bildirir ki, bu gün saat 9-dan atəşkəs rejimi başlanıb və əhalinin evakuasiyası üçün Debaltsevoya 20 avtobus göndərilib.
Bu hadisələrin ərəfəsində Rusiya-yönlü separatçıların nümayəndəsi Denis Puşilin demişdi ki, Debaltsevo sakinlərini onların öz seçimlərindən asılı olaraq, Ukrayna qoşunlarının nəzarətində olan Artyomovsk və yaraqlıların əlində olan Donetskə köçürəcəklər.
"DXR”-in planına görə atəşkəs rejimi axşam saat 6-da başa çatmalıdır.
"DXR” qərargahının nümayəndəsi xəbər verib ki, Uqleqorsk sakinlərinin evakuasiyası gün ərzində başa çatdırılacaq.
"Biz evakuasiyanı 15-dən 18-dək həyata keçirməyi planlaşdırırıq. Ukrayna ərazisinə keçmək istəyənlərə belə bir imkan yaradılacaq. DXR-in ərazisinə evakuasiya olunmaq istəyənlər Donetskə və respublikanın başqa şəhərlərinə köçürələcək” – deyə RİA Novosti agentliyi nümayəndənin bəyanatını yayıb.
Ukrayna hərbiyyəsinin ölkənin şərqində xüsusi əməliyyat qrupu mətbuat mərkəzinin rəhbəri Aleksandr Motuzyanik BBC-nin Ukrayna xidmətinə bildirib ki, Debaltsevo rayonunun separatçılar tərəfindən atəşə tutulmasının intensivliyi həqiqətən azalsa da, fevralın 6-a keçən gecə silahlılar şəhəri üç dəfə "Qrad”lardan atəşə tutublar. Həmçinin Qornıy qəsəbəsi minaatanlardan atəşə tutulub.
Ukrayna hakimiyyəti könüllülərin köməyi ilə artıq bir həftədir ki, separatçıların atəşi altında, faktiki olaraq yaraqlılar tərəfindən mühasirəyə alınmış Debaltsevonun əhalisini evakuasiya etməyə çalışır, lakin adamların çoxu atəş altına düşəcəklərindən qorxaraq bundan imtina edirlər.
BBC müxbiri hadisə yerindən xəbər verir ki, Debaltsevonu Artyomovskla birləşdirən yol, demək olar, tamamilə boşalıb.
Ukrayna hərbçiləri Debaltsevoya gedən jurnalistlərin həmin yoldan mümkün qədər sürətlə keçmələrini tövsiyə edirlər.