Ukrayna Təhlükəsizlik Xidməti (SBU) fevralın 3-də axşam Kiyevdə Prezident Administrasiyasının binası qarşısında keçirilən etiraz aksiyasının təşkilatçılarını həbs edib.
APA-nın "censor.net” saytına istinadən verdiyi məlumata görə, bunu Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko açıqlayıb. "15 dəqiqə əvvəl dünən axşam Prezident Administrasiyasının binasına dırnaqarası hücum cəhdinin təşəbbüskarlarının saxlanılması üzrə xüsusi əməliyyat başa çatıb”, - deyə o, söyləyib.
Saxlanılanlar arasında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında çalışan podpolkovnik rütbəli zabit də var. Onun "Donetsk Xalq Respublikası” separatçılarına casusluq etdiyi müəyyənləşdirilib.
Qeyd edək ki, fevralın 3-də axşam "Ümumukrayna batalyon qardaşlığı” adlı qurum Prezident Administrasiyasının binası qarşısında aksiya keçirib. Aksiya iştirakçıları ölkədə Konstitusion qaydanın təmin olunmasını, hərbi vəziyyətin elan edilməsini tələb ediblər və prezidentlə görüşmək istədiklərini bildiriblər. Onlar bir gün sonra yenidən gələcəklərini deyiblər. Ukrayna rəhbərliyi bu aksiyanın Rusiya xüsusi xidmət orqanlarının təxribatı olduğunu düşünür.