Beynəlxalq Ədalət Məhkəməsi qərar verib ki, Xorvatiya Yuqoslaviyadan ayrıldığı zaman baş verən müharibədə Xorvatiya və Serbiya arasında soyqırım halları olmayıb.
Xorvatiya hökuməti iddia etmişdi ki, Serbiya 1991-ci ildə Vukovar şəhərində və başqa yerlərdə soyqırım həyata keçirib. Bundan sonra Serbiya da Xorvatiyada yaşayan 200 mindən çox serbin məhv edilməsi barədə əks-iddia irəli sürmüşdü.
1991-1995-ci illər ərzində davam etmiş müharibədə Xorvatiya Yuqoslaviyadan ayrıldığı zaman 20000-ə qədər insan həlak olub. Onların əksəriyyəti xorvatlar olub.
Çərşənbə axşamı məhkəmədə çıxış edən Hakim Peter Tomka həm Xorvatiyanın iddiasını, həm də Serbiyanın əks-iddiasını rədd edib. Müharibə zamanı hər iki tərəf zorakılığa yol verib, o deyib. Lakin tərəflər "soyqırım aktları üçün zəruri olan konkret niyyət" sübut edə bilməyib.
Xorvatiya BMT-nin əsas məhkəməsi olan BƏM-ə özünün ilk iddiasını 1999-cu ildə təqdim edərək serbləri münaqişə zamanı etnik xorvatları hədəfə almaqda günahlandırıb. Vukovar şəhəri 1991-ci ildə Serbiya tərəfindən işğal olunduğu zaman darmadağın edilib. Xorvatiya, həmçinin Serbiyadan "insanlara və əmlaka, habelə Xorvatiyanın iqtisadiyyatına və ətraf mühitinə vurduğu" ziyana görə təzminat ödəməsini istəyir.